ELM VƏ TƏHSİLİN YENİLƏŞMƏSİ PROSESİNDƏ MİLLİ-MƏNƏVİ
DƏYƏRLƏRİN ƏHƏMİYYƏTİ
Faiq Qəzənfər oğlu Ələkbərli,
fəlsəfə üzrə fəlsəfə doktoru, dosent
AMEA Fəlsəfə və Sosiologiya İnstitutu, Türk xalqlarının
fəlsəfi fikir tarixi və müasir fəlsəfəsi şöbəsinin müdiri,
Azərbaycan, Bakı
faikelekber@gmail.com
ORCID: 0000-0002-8865-568x
https://zenodo.org/records/17339302
Xülasə. Azərbaycan Respublikası müstəqillik dönəmində elm və təhsil sahəsində
bir sıra reformalar-islahatlar həyata keçirsə də, hələ də bəzi problemlərlə üz-üzədir.
Özəlliklə, müəllim-tələbə, alim-magistr, alim-doktrant arasında ziddiyyətlər özünü
daha çox büruzə verir. Bu o anlama gəlir ki, yalnız yeni qanunlarla, reformalarla elm
və təhsildə ciddi dönüşün baş verməsini gözləmək doğru deyildir. Məqalədə də elm və
təhsillə bağlı problemlər, onun həll yolları göstərilməyə çalışılmışdır.
Açar sözlər: Sovet təhsili, Qərb təhsili, milli təhsil, yeniləşmə, tolerantlıq, milli
dəyərlər, milli şüur.
Abstract. Despite the fact that during its period of independence, the Republic of
Azerbaijan has implemented some reforms and transformations in the field of science
and education, significant problems still remain unresolved to this day. In particular,
contradictions are more pronounced between teachers and students, scientists and
masterʼs students, as well as scientists and doctoral students. This indicates that relying
solely on new laws and reforms to expect serious changes in education is misguided.
The article analyzes problems in the field of science and education.
Keywords: Soviet education, Western education, national education, renewal,
tolerance, national values, national consciousness.
Giriş. Bu gün təhsildə diqqətçəkici əsas məsələ təhsiln yeniləşməsi prosesində orta
və ali məktəblərdə milli-mənəvi dəyərlərin əhəmiyyətinin dərkidir. Çünki təhsil sahəsində
çalışanlarla, yəni təhsil verənlərlə təhsil alanlar arasında yeniləşmə prosesi çərçivəsində
müəyyən problemlərin ortaya çıxması müşahidə olunmaqdadır. İlk baxışda bu fərqlər və
ziddiyyətlər qloballaşma kontekstində tolerantlıq, çoxmədəniyyətlilik, inovvasiyalaşma,
liberallaşma ilə əsaslandırıla bilər. Amma bu gün müəllimlərlə tələbələr arasındakı
ünsiyyət və anlaşmada nəzərə çarpacaq dərəcədə problem varsa, deməli burada əsas
məsələ tolerant dövlət, müasir insan, çoxmədəniyyətli, liberal ölkə olmaq deyil, hər iki
tərəfin dünyagörüşündəki sosial-psixoloji və fəlsəfi ziddiyyətlərin mahiyyətidir.
Ümumiyyətlə, öncəlliklə tolerantlıq, çoxmədəniyyətlilik, liberallıq, kosmopolitizm və bu
kimi anlayışların, ideyaların gənc nəsilə - şagirdlərə və tələbələrə aşılanmasında həddən
artıq həssas olmalıyıq.
Qeyd edək ki, bu kimi problemlərlə ilk dəfə qarşılaşmırıq, bunun ən bariz nümunəsi
1920-1930-cu illərdə Sovetlər Birliyində, o cümlədən Azərbaycanda da mövcud olmuş
Sovet kosmopolitzmidir. O zaman Azərbaycanda Sovet kosmopolitzminin kor-koranə
təbliğatçıları, indiki radikal tolerantlıq, qərbləşmə, yeniləşmə, müasirləşmə tərəfdarları
kimi milli-mənəvi irsimizə aid olan maddi-mənəvi dəyərlərə qarşı çıxırdılar [5, s.28-31].
Bu gün də bəzən milli-mənəvi dəyərlərə aid hər hansı dəyərləndirmə radikal tolerantlıq,
müasirləşmək, liberallıq tərəfdarlarınca mühafizəkarlıq, gerilikçilik kimi qarşılanır. Bir
sözlə, ifrat Qərb-Avropa heyranlığı bir çoxlarının gözlərini inanılmaz dərəcədə
qamaşdırıb. Bu gün Azərbaycanda əsas məsələ tolerant, kosmopolit, liberal, müasir insan
olmaq deyil, təhsil və elmdə milliliyi psixoloji-fəlsəfi anlamda mühafizə etmək olmalıdır.
Biz, ilk növbədə dünya üçün deyil Azərbaycan və Türk dünyası, Türk ailəsi üçün
vətəndaşlar yetişdirməliyik. Hər halda vətəninə, millətinə, dövlətinə sahib çıxa bilməyən
tolerant, kosmopolit, liberal, müasir insanın dünya, bəşəriyyət üçün bir şeylər etməsi çox
da inandırıcı deyil.
Məlum olduğu kimi, bütün dövrlərdə müəllim və şagird ya da müəllm və tələbə
arasında fikir ayrılıqları olmuşdur. Amma bunun üzərinə iki fərqli sosial-siyasi və ideoloji
quruluşda yaşamaq məsələsi də əlavə olunursa, dogrudan da yeni dövr müəllimlərinin
milli-mənəvi dəyərləri çərçivəsində psixoloji-fəlsəfi dünyagörüş baxımından hansı
zorluqlar yaşadıqları məlumdur. Müəllimlər, alimlər bir siyasi-ictimai quruluş da yaşayıb,
bundan da irəli gələrək fərqli təhsil sistemi görübsə, ancaq artıq yeni bir siyasi-ictimai
quruluşla və həmin quruluşun şagirdləri-tələbələri ilə başbaşa qalıbsa, bunu sıradan bir
vəziyyət saymaq qətiyyən doğru deyildir. Əgər kimlərsə, özəlliklə təhsil və elm siyasətinin
aparıcıları bu məsələni ciddiyə almırlarsa, bu o deməkdir ki, bütöv bir nəslin gələcəyi
zərbə altında qalır [6, s.47-48]. Çünki bir millətin gələcəyi onun gənc nəslinin hansı
dəyərlər əsasında formalaşmasıyla çox bağlıdır. Ən azı ona görə ki, bir toplumu bütün
anlamlarda (istər fikir döyüşündə, istərsə də hərb meydanlarında) daha çox ayaq üstə
tutan, müdafiə edən multikultural, kosmopolit, liberal düşüncəli gənclər deyil, millimənəvi dəyərlərə sahib gənclər olurlar. Bu anlamda müəllimin özündə, yəni şüurunda
mill-mənəvi dəyərlər öncüllüyündə psixoloji-fəlsəfi dünyagörüş olmalıdır ki, gənc nəslə
də bu yöndə təlim-tərbiyə verə bilsin.
Hesab edirik ki, Azərbaycanda müəllim və alim hazırlama siyasətində
müstəqilliyimizin bərpasından (1991) bu günə qədər ciddi işlər görülməklə yanaşı,
boşluqlara da yol verilmiş, bunun da nəticəsində yeni nəslin milli-mənəvi dəyərlər
prinsipləri əsasında formalaşaması bəzi hallarda quru söz olaraq qalmışdır [1, s.76-79].
Məsələnin bu cür səviyyəyə gəlib çıxmasının isə müxtəlif səbəbləri vardır. Azərbaycanın
təhsil sahəsindəki ən ciddi problem bir tərəfdən bu sahədəki idarəedicilərin əksəriyyətinin
“Sovet məktəbi”, “Sovet elmi” düşüncəsindən qurtulmaması, digər tərəfdən təhsil və elm
idarəçiliyinə gənc kadr kimi cəlb edilənlərin əksəriyyətinin burunlarından uzagı görə
bilməmələridir. Bəzən belə bir fikir yarana bilər ki, kimlərsə bilərəkdən Azərbaycan elm
və təhsilində intellektual, milli kadrların olmasının qarşısını alırlar. Belələri sadəcə,
dünyaya təhsil və elm sahəsində ideal qanunlarmızın olmasını göstərməklə kifayətlənirlər.
Gənclərimizə də daha çox çoxdillilik və kompyüter bilgilərinin olmasını təlqin edirlər.
Halbuki bunlardan önəmlisi milli-mənəvi dəyərlər öncüllüyündə milli fəlsəfi
dünyagörüşünün formalaşmasıdır.
Məsələn, təhsil sistemindəki boşluqların nəticəsidir ki, “Təhsil haqqında” qanun
qəbul olunduqdan sonra da dediyimiz müddəaların gerçəkləməsi yolunda problemlər
vardır. Üstəlik, orta və ali məktəblərdə islahatlar adı altında Sovetlər Birliyi dönəmindən
qalan pis-yaxşı təhsil sistemi də çökmüşdür. Bizcə, Bolonya və Kredit, Kirrikulum təhsil
sistemi kimi Avropadan-Qərbdən Azərbaycana gətirilərək tətbiq edilənlər Azərbaycanın
gənc nəslinin intellektual və milli kadr kimi formalaşmasında çox da uğurlu olmamışdır.
Çünki həmin təhsil sistemləri Avropa ali məktəblərində ayrı-ayrı dönəmlərdə sınaqlardan
keçirilərək tətbiq olundugu halda, Azərbaycanda isə bəzən kor-koranə həyata
keçirilmişdir. Fəlsəfə elmləri doktoru Müslüm Nəzərov yazır: “Modernləşən, Qərb
dünyası ilə tərəfdaşlıq münasibətlərini inkiaf etdirən Azərbaycan kəskin dilemma
qarşısında durur. Bir tərəfdən makrosəviyyədə sosiomədəni qloballaşma və standartlaşma,
unifikasiya prosesləri, digər tərəfdən də tarixi genofondu, ənənəvi mədəniyyəti qoruyub
saxlamaqzərurəti bütün kəskinliyi ilə göz önünə gəlir. Ölkə hansı yolla gedəcəkdir? Ən
yaxşı Avropa nümunələrini götürməklə ənənələri, mədəniyyəti, təhsil səviyyəsini qoruyub
saxlaya biləcəkmi, yoxsa milli sərvətimiz olan ən gözəl təhsil ənənələrini inkar edərək
Avropa təhsil ənənələrini götürəcəkdir? Yəni, söhbət bizim Avropadan nəyi
götürməyimizdən gedir: təhsil texnologiyalarını, təhsil fəaliyyəti praktikası, yoxsa təhsilin
“ideyasını”, yəni sosiumun aparıcı prinisipləri haqqında ümumi baxış və təsəvvürlər
sistemini?” [4, s.238].
Öncəlliklə, bu günə qədər Azərbaycanda ibtidai sinif müəllimlərinin hazırlanması
prosesi yetərli səviyyədə deyildir. Belə ki, təhsil sahəsində hələ də tam qurtula
bilmədiyimiz rüşvət və başqa qeyri-qanini hərəkətlər ibtidai sinif müəllimlərinin
hazırlanması prosesinə də mənfi təsirini göstərmişdir. Gənc ibtidai sinif müəllimlərinin bir
qisminin yetərincə həm ixtisas biliklərinə, həm də milli-mənəvi dəyərlərə, fəlsəfi
dünyagörüşə malik ola bilməməsi, onlara münasibətdə etimad hissini
formalaşdırmamışdır. Bunun da nəticəsidir ki, bu gün Azərbaycan valideynlərinin xeyli
bir qismi uşaqlarını 1-ci sinfə yollayarkən, gənc ibtidai sinif müəllimlərinə deyil, daha çox
Sovet dövrünün təcrübəli, yaşlı nəslinə üz tuturlar. Bizcə, ibtidai sinif müəllimlərinin
gəncləşdirilməsi çox önəmlidir. Amma onların milli-mənəvi dəyərlər çərçivəsində
hazırlanması ondan da vacibdir.
Digər tərəfdən təhsil sahəsində ən ciddi problemi təhsili idarə edənlərlə, yəni
rəhbərlik məsələsiylə baglıdır. Başqa sözlə, yeni nəsilin təhsillə əlaqəli həm “Sovet
məktəbi”ndən qalma psixoloji-fəlsəfi problemli müəllimi, həm də “Sovet zehniyyətli”
idarəedicisi problemi var. Bu anlamda “Sovet məktəbi” təhsili sistemi ideolojisindən
qurtula bilməyən müəllimlərin və təhsil idarəedicilərinin müstəqil gənc nəsli milli şuurda,
milli-mənəvi dəyrələr əsasında formalaşdırması inandırıcı deyildir. Maraqlıdır ki, Sovet
təhsili sisteminin yüksək keyfiyyətindən danışan bu müəllimlərin və təhsil
idarəedicilərinin əksəriyyəti təhsil sistemindəki boşluqları başqa yerdə axtarırlar. Halbuki
indi ibtidai, orta, texnikum və ali məktəblərdə, universitetlərdə çalışan müəllimlərin, milli
təhsil sistemindəki idarəedicilərinin xeyli qismi istəsək də, istəməsək də Sovetlər Birliyi
dönəminin yetirmələridir. Belə olduğu təqdirdə, həmin müəllimlər, təhsil idarəediciləri
nədən SSRİ dönəmindəki təhsil keyfiyyətini şagirdlərə, tələbələrə verə bilmirlər? Yəni
buna əngəl olan nədir? Sovet təhsil sistemini müdafiə edən bu cür müəllimlər və təhsil
idarəedicilərinə görə problem onlarla deyil, milli təhsil sistemindəki boşluqlarla bağlıdır.
Onlar bu məqamda bir qədər haqlıdırlar. Doğrudan da təhsil sistemimiz də milli stategiya
baxımından bəzi boşluqlar vardır. Yəni tam olaraq Azərbaycam təhsil sistemi nə Avropa
təhsilinə, nə də Şərq təhsilinə uygun deyildir. Təhsil sistemindəki natamamlıqda isə əsas
rol “Sovet məktəb”ini bitirmiş müəllimlərin və təhsil idarəedicilərinin üzərinə düşür.
Hər halda bu bir gerçəklikdir ki, bu gün milli şüurun (vətənpərvərlik, millətpərvərlik,
islampərvərlik və s.) istənilən keyfiyyətdə formalaşmamasının əsas səbəbkarları “Sovet
məktəb”ini bitirmiş müəllimlər və təhsil idarəediciləridir. Onlar dünyagörüşcə “Sovet
milləti”nə əsaslandıqları üçün gənc nəsildə müstəqill fəlsəfi dünyagörüş və millilik ruhunu
aşılamaqda çətinlik çəkirlər. Üstəlik, “Sovet məktəb”ini bitirmiş müəllimlər qurtula
bilmədikləri sovet ideolgiyasının təsiri altında yazdıqları dərsliklər, dərs vəsaitləri və digər
kitablarla şagirdlərin, tələbələrin milli şüurda formalaşmasına əngəl olurlar.
Hazırda milli-mənəvi dəyərlərin qorunmasına və inkişafına nail olmaq üçün iki
məsələyə:1) təhsil bazası; 2) müəllim-ziyalı kontingentinə xüsusi diqqət yetirmək
lazımdır. Milli-mənəvi dəyərlər baxımından ilk addımlar məhz bu sahələrdə atılmalıdır.
Özü də bu təxirəsalınmaz şəkildə həyata keçirilməlidir.
Biz istəsək də, istəməsək də bu bir reallıqdır ki, bugünkü Azərbaycan insanlarının
xeyli qismi SSRİ dövründə yaşayıb və “sovet beynəlmiləlçiliyi” ruhunda təhsili alıblar.
Şübhəsiz, onların əksəriyyətinin milli ideya, milli məfkurə anlayışlarına özünəməxsus
münasibətləri vardır. Bu münasibətdən dolayı onları ittiham etmək, əsasən doğru deyildir.
Yeni nəslin isə pis-yaxşı, milli məfkurə probleminə onlardan fərqli baxışı var. Bu o demək
deyil ki, hökmən yeni nəsil və sovet nəsli hansısa məsələlərdə hökmən ya razılaşmalı, ya
da inkar yolu tutmalıdır. Fikrimizcə, burada əsas olan ilk növbədə, ortaq nöqtələrin
tapılması və uzlaşdırmaların olmasıdır [2, s. 296].
Qloballaşma prosesi anlamında aldadıcı və zahirən müsbət görünən (məsələn, fərdin
azadlığı millətin və dövlətin azadlığında üstündür) ideyaların içində şüurlarımıza
yeridilən, ancaq milli və dini mənəviyyatımıza uyğun olmayan məsələlərdə son dərəcə
diqqətli olmalıyıq. Bu mənada, qloballaşma prosessi ilə bağlı Səlahəddin Xəlilovun
fikirləri çox anlamlıdır: “İndi qloballaşma adı altında baş verən proseslər əslində bir
qütblü dünyanın mütləqləşdirilməsi və milli dövlətlərin vahid bayraq altında sıraya
düzülməsi, bir dilin başqa dilləri, bir siyasi iradənin başqa siyasi iradələri, bir iqtisadi
marağın başqa maraqları sıxışdırıb çıxarması ilə müşaiyət olunur” [7, s.22].
Hər bir gənc ilk növbədə, yaşadığı dövrün, mühitin, təhsilin və mədəniyyətin
yetişdirməsidir. Bu anlamda milli şüurun formalaşması prosesində təhsil bazisinə xüsusilə
diqqət yetirilməlidir. Milli-məənəvi dəyərlər üçün vacib olan milli şüurun formalaşması
baxımından isə təhsil bazisində: 1) tarixi şüur; 2) mədəniyyət şüuru nəzərə alınmalıdır.
Bu mənada, hazırda milli şüurun formalaşmasında çox vacib olan milli mədəniyyət
və milli tarix şüurunun öyrənilməsinə böyük ehtiyac var. Hər bir millətin varlığı və
gələcəyi onun tarixi (dövlətçilik ənənələri, qəhrəmanların obrazı, hökmdarların şəxsiyyəti
və s. ) və mədəniyyət (adət-ənənələr, törələr, alimlərin-şairlərin elmi və ədəbi əsərləri və
s.) şüurunun səviyyəsi ilə bağlıdır. Ancaq bu gün tarixi və mədəni şüurumuz yarımçıqdır.
Özəlliklə, tarixi və mədəniyyət şüuru baxımından milli yaddaşı dolaşdırılmış bir
cəmiyyətdə insanların xeyli qismi özünə özünün deyil, başqalarının, yad millətlərin gözü
ilə baxırlar. Bütün bunlar toplumda natamamlıq, yarımçıqlıq kompleksi yaradır. Hətta,
bəzən özgələşmə prosesi o dərəcəyə gəlib çatır ki, başqa millətlərin aydınlarının onun
tarixi, mədəniyyəti, adət-ənənələri ilə bağlı verdiyi bilgilərə möhtac qalır. Şübhəsiz, başqa
millətlərin aydınlarının bilgiləri də çox vaxt təhrif olunmuş şəkildə çatdırılır. Bu təhrif
olunmuş bilgilərlə milli özünüdərk daha da mürəkkəbləşir.
SSRİ dövründə sovet ideologiyasına uyğun Sovet Azərbaycanı xalqının fəlsəfəsini,
tarixini, mədəniyyətini, ədəbiyyatını yazanlar imperiyanın süqutu və ictimai quruluşun
dəyişməsindən sonra isə sözdə milli tarix, milli fəlsəfə, milli ədəbiyyat, milli mədəniyyətlə
bağlı monoqrafiya və kitablar yazmağa başladılar. Halbuki Sovet ideologiyasının
hökmranlığı dövründə formalaşmış, sovet beynəlmiləlçiliyinin təbliğatçıları və ideoloqları
olmuş bu insanların əksəriyyətinin nə dərəcədə məslək və əqidə dəyişdirmələri özü çox
mübahisəli məsələdir.
Müstəqilliyin ilk illərindən başlayaraq bu cür alimlərin əksəriyyəti birdən-birə 180
dərəcə dəyişib, SSRİ dövründə yazdıqlarını və dediklərinin əksini iddia etməyə başladılar.
Əlbəttə, bütün bunlar daha çox eyforiya altında baş verdiyi üçün, çox geçmədi ki, sovet
dövrünün yetişdirməsi olan alimlərin əksəriyyəti daha ehtiyatlı davranmağa çalışdılar. Bu
ehtiyatlılıq da ondan ibarətdir ki, bir tərəfdən SSRİ dövrünü və sovet ideologiyasını kəskin
şəkildə tənqid etməkən qaçmağa başladılar. Çünki başa düşdülər ki, sovet dövrünün
ideyalarının tamamilə əksinə çıxmaq dolayısıyla özlərini inkar etməkdir. Bu baxımdan
onlar SSRİ dövrünün ideyalarını elə bir formada tənqid etməyə çalışdılar ki, müəyyən
mənada özlərini sığortalaya bilsinlər [3, s. 205]. Beləliklə, deyə bilərik ki, Azərbaycanda
milli təhsil və elmi inkişaf prosesinin müəyyən qədər ləng getməsində SSRİ dövrünün
təhsil-tərbiyəsi ilə Avropaya inteqrasiya arasındakı ziddiyyətlər özünü çox büruzə verir.
Nəticə. Ümumiyyətlə, təhsil milli şüurun formalaşmasında, milli-mənəvi dəyərlərin
yaşadılmasında ən vacib vasitələrdən biri, bəlkə də birinicisdir. Çünki təhsil milli şüurun,
milli-mənəvi dəyərlərin formalaşmasında bazis rolunda çıxış edir. Əgər bir millətin təhsil
bazisi yetərli deyilsə, yaxud da təhsil bazisində kifayət qədər bir-birinə zidd bilgilər varsa,
o zaman üstqurum olan milli şüurun formalaşması prosesində problemlər olacaqdır. Başqa
sözlə, təhsili problemli olan bir cəmiyyətin milli şüur səviyyəsinin normal səviyyədə
olması mümkün deyildir.
ƏDƏBİYYAT:
1. Cəfərova M. Müstəqillik dövründə Azərbaycanda təhsil və elmin inkişaf
dinamikası. Elmi əsərlər №2 (25), Beynəlxalq elmi-nəzəri jurnal. Bakı, “AMEA FH-nin
nəşriyyatı”, 2015 dekabr.
2. Ələkbərov F. Milli ideologiya probleminə tarixi-fəlsəfi baxış. Bakı: Elm və təhsil,
2014.
3. Əsədov A. Azərbaycanlı ideyası və azərbaycançılıq ideologiyası....(Konfrans
materialları). Bakı, “ADPU-nun mətbəəsi”, Bakı: Elm, 2013.
4. Nəzərov Müslüm. Müasir dövrdə təhsilin sosiomədəni problemləri. Bakı,
Mütərcim, 2018.
5. Nazim Ə. Seçilmiş əsərləri. Bakı: Yazıçı, 1979.
6. İsazadə E. Tələbələrin təlim şəraitinə adaptasiyasının psixoloji çətinlikləri. “Sosial
və humanitar elmlərin müasir problemləri” jurnalı. Bakı: SBS, 2015 noyabr.
7. Xəlilov S.S. Sivilzasiyalarası dialoq. Bakı, “Adiloğlu” nəşr., 2009.