ORIENTAL UNIVERSITETIQidiruvПоискSearch
Oriental universiteti nashriyotiIlmiy jurnallar platformasiПлатформа научных журналовScholarly journals platform

Toʻliq matnПолный текстFull text

Maqsud Şeyxzadə və onun “Qəzəl mülkünün sultanı” kitabının təhlili

Almaz Ülvi Binnatova

Matn PDF dan avtomatik ajratilgan: ekran oʻqiydigan dasturlar, telefon va qidiruv uchun. Rasmiy nusxa — PDF.Текст извлечён из PDF автоматически — для программ чтения с экрана, телефонов и поиска. Официальная версия — PDF.Text was extracted from the PDF automatically for screen readers, phones and search. The PDF remains the version of record.

PDF ni oʻqishЧитать PDFRead the PDF → Nashr kartasiКарточка изданияRecord

YALPI MAJLIS

MAQSUD ŞEYXZADƏ VƏ ONUN
“QƏZƏL MÜLKÜNÜN SULTANI” KİTABININ TƏHLİLİ

Almaz Ülvi Binnatova,
Filologiya elmləri doktoru, professor
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun
“Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi
əlaqələr” şöbəsinin müdiri, Azərbaycan, Bakı,

almazulvi1960@mail.ru
ORCID: 0000-0001-7991-3969
https://zenodo.org/records/17339221

Xülasə. Maqsud Şeyxzadə XX əsrin görkəmli ədəbi və elmi simalarından biri
kimi Azərbaycan və Özbəkistan arasında mədəni körpü rolunu oynamışdır. Onun
çoxşaxəli yaradıcılığı içində Əlişir Nəvai irsinin öyrənilməsinə həsr olunmuş “Qəzəl
mülkünün sultanı” kitabı xüsusi yer tutur. İlk dəfə 1972-ci ildə nəşr edilən bu əsər,
əsasən, Nizami və Nəvai yubileyləri ilə bağlı aparılmış 1940–1950-ci illər
tədqiqatlarına əsaslanır. Müəllif burada Nəvainin poetikasını, lirikasını, qadın
obrazlarını, maarifçi və vətənpərvər ideyalarını, folklorla əlaqələrini geniş təhlil etmiş,
onun yaradıcılığını dövrün mənəvi-siyasi mühiti ilə birlikdə öyrənmişdir.

Müstəqillik dövründə kitab sovet ideoloji əlavələrindən təmizlənərək yenidən
nəşr olunmuş, bu da Şeyxzadənin elmi səliqə və obyektivliyini bir daha göstərmişdir.
“Qəzəl mülkünün sultanı” həm nəvaişünaslıq üçün, həm də Azərbaycanla
Özbəkistanın ortaq klassik irsinin təbliği baxımından əvəzsiz mənbə kimi
dəyərləndirilir.

Açar sözlər: Maqsud Şeyxzadə, “Qəzəl mülkünün sultanı”, Əlişir Nəvai
yaradıcılığı, nəvaişünaslıq, klassik şərq poeziyası, azərbaycan-özbək ədəbi əlaqələri,
klassik irsin müasir təqdimatı, ədəbi şəxsiyyət və dövr, türk xalqları ədəbiyyatı.

Abstract. Maqsud Sheikhzade was one of the prominent literary and scholarly
figures of the 20th century, serving as a cultural bridge between Azerbaijan and
Uzbekistan. Among his multifaceted works, the book “The Sultan of the Realm of
Ghazal”, dedicated to Alisher Navoiʼs legacy, holds a special place. First published in
1972, it was based mainly on research conducted in the 1940s–1950s for the jubilees
of Nizami and Navoi. In this work, Sheikhzade analyzed Navoiʼs poetics, lyricism,
female characters, enlightenment and patriotic ideas, as well as his connection with
folklore, studying his creativity within the broader spiritual and political context of his
time.

In the independence era, the book was republished free from Soviet ideological
additions, further highlighting Sheikhzadeʼs scholarly rigor and objectivity. “The
Sultan of the Realm of Ghazal” is regarded not only as a key contribution to Navoi
studies but also as an invaluable source for promoting the shared classical heritage of
Azerbaijan and Uzbekistan.

Keywords: Maqsud Sheykhzade, “Sultan of the Ghazal Realm”, Alisher Navoiʼs
literary legacy, Navoi studies, Classical Eastern poetry, azerbaijani-uzbek literary
relations, classical heritage and modern interpretation, literary personality and
historical context, turkic literary tradition.

GİRİŞ:

Həzrət Nəvainin öpdüm əlini,

Bəyəndim, bəslədim onun dilini.

Maqsud Şeyxzadə XX əsr Azərbaycan və Özbək ədəbi-elm məkanında mühüm iz

qoymuş çoxcəhətli şəxsiyyətdir: o, həm filosof-şair, dramaturq, tərcüməçi, dilçi,

folklorşünas və pedaqoq, tənqidçi, dərin zəkalı ədəbiyyatşünas və ilk olaraq nəvaişünas

kimi tanınır. Onun şəxsiyyəti və fəaliyyəti iki qardaş xalq – Azərbaycan və Özbəkistan

arasında mədəni və mənəvi körpü rolunu oynamışdır. Sovet repressiyalarının nəticəsi

olaraq 20 yaşlarında sürgün edildiyi Özbəkistanda elmi və bədii yaradıcılığı ilə böyük

nüfuz qazanmış, burada geniş miqyaslı tədqiqatlar aparmışdır1. Özbək xalqı, özbək

torpağı Azərbaycandan – imperiya şəri ilə sürgün olunaraq ona pənah gətirən 20 yaşlı

gənci öz balasıtək bağrına basmış, şöhrətləndirmişdir. Maqsud Şeyxzadə elə bir həyat

– elə bir ömür yaşamışdır ki, bu tale iki qardaş – iki qandaş xalqın yüzilliklər dolu ədəbi

əlaqələr tarixinin canlı varisi, mənəvi körpüsü olmuşdur.

ƏSAS HİSSƏ. Bu

tədqiqatımızın mövzusu

Maqsud Şeyxzadənin “Qəzəl

mülkünün sultanı” kitabıdır.

Kitab 53 il əvvəl məşhur özbək

alimi, klassik irs tədqiqatçısı,

nizamişünas Natan Mallayev

tərəfindən müxtəlif mətbuat

orqanlarından, alimin

yaradıcılıq arxivindən

toplanaraq 1972-ci ildə nəşr

edilmişdir. Maqsud Şeyxzadənin əsərlərinin altı cildliyinin dördüncü cildi bütövlükdə

(378 səhifə) Əlişir Nəvai haqqında ciddi axtarışlar sayəsində yazılmış silsilə, bir-

birinin davamı olan tədqiqatlardır. 30-40-cı illərin elmi məhsuludur. Əslində mətndən

məlum olur ki, bu araşdırmalar 1941-ci ildə Nizami Gəncəvinin (800 illik) və Əlişir

Nəvainin (500 illik) yubiley günlərinə töhfə olaraq hazırlanırmış. Lakin amansız 1941-

1945-ci il müharibəsi bu tarixi işlərin təqdimatını təxirə salmışdır. Hətta həmin illərdə

Maqsud Şeyxzadə iki kitab – risalə də nəşr etdirmişdir: “Qeniy shoir” (1940) və

“Гений поэт” (1941) adlı özbək və rus dillərində.Müstəqillik illərində klassik irsə, o

sıradan Nizami Gəncəvi, Əlişir Nəvai yaradıcılıqlarına yeni baxış prizmasından

tədqiqat işlərinə start verildi. Ateizm ideolojisinə məruz qalmış bu əsərlərə doğrudan

da yeni yanaşma vacib idi. Üstəlik əlifbalar dəyişmişdi – kirildən latın qrafikasına

keçid baş vermişdi. Yeni oxucu auditoriyası formalaşmışdı. Bir zamanlar əski əlifba

(ərəb qrafikası) ləğv olunaraq latına keçid zamanı bütün nəsillər klassik irsi

1 Karimov N. Maqsud Shayxzoda. – Toshkent: Sharq, 2010. – B. 32-34.

oxumaqdan, mütaliədən məhrum olduğu kimi (elə indi də!) nəsillərin ən ağır imtahanı!
Maqsud Şeyxzadənin Əlişir Nəvai yaradıcılığını əhatə edən “Qəzəl mülkünün

sultanı” kitabı özbəkcə yazılmışdır. İlk olaraq, kitabı tərcümə etməyi planlaşdırdıq.
Daha sonra, sosializm realizm ideolojisinə aid hissələr redaktə olunmalı və nəhayət bu
işlər elə görülməli idi ki, Maqsud Şeyxzadə elmi üslubuna toxunulmasın, fikir və
düşüncələri təhrif olunmasın. Ciddi və məsuliyyətli bir sınaq qarşısında idik.

Amma qəlbimizdəki dahi Əlişir Nəvainin sehr dolu yaradıcılığına, həyatına olan
heyranlığımız, müdrik məktəbindən aldığımız tərbiyə, ruhumuzu aydınladan ibrət
dərsləri qələmimizə senzura oldu. Əvvəla onu deyim ki, tərcümə işi çətin olmadı.
Çünki Əlişir Nəvai haqqında tədqiqatlar Azərbaycandan yenicə getmiş bir gəncin
qələm məhsulu idi. Həm o vaxtlar Azərbaycanda çox məşhur olan və daim tədqiqat
mövzusu olaraq araşdırılan, haqqında yazılan Əlişir Nəvai mövzusuna Azərbaycan
sevgisi qatılmışdı, həm də özbək dili yenicə öyrənən Maqsud Şeyxzadənin fikirlərində
Azərbaycan çalarları çox idi və nəhayət, Nəvainin dili Füzuli dilinə çox yaxın
olduğundan çox vaxt elə düşünürdüm ki, sadəcə kirildən latına mətn köçürürəm, yəni
bu qədər yaxın, rahat və aydın bir yazı dili idi.

Sosializm ideolojisinə uyğun yerləri redaktə etmək məsələsinə gəldikdə isə heç,
həm də heç çətinlik olmadı. Məsələyə belə yanaşmağa məcbur olduq, yəni müəllif işinə
belə qurmuşdu: sanki o, tədqiqat işini yazıb tam bitirəndən sonra Lenin, Marks və
Engelsdən, Maksim Qorki və Belinskidən bir neçə cümlə seçərək abzaslara sitat olaraq
əlavə edib. İndi redaktə zamanı o cümlələri götürəndə (ləğv edəndə!) özündən əvvəlki
və sonrakı cümlələrlə heç bir bağı – əlaqəsi olmadığı üçün mətndəki belə yerlərin
ixtisarı nəinki hiss olunmadı, heç ruhu belə “incimədi”! Elə isə bu kitabın yenidən
nəşrinə ehtiyac haradan yarandı? İlk olaraq, Əlişir Nəvainin ədəbi irsinə müstəqillik
illərində xüsusi və geniş səhifələr ayrıldığından bu boşluğu doldurmağa ehtiyac
duyduğumuzdan, ikincisi, Maqsud Şeyxzadə yaradıcılığına ehtiram həmişə
ədəbiyyatşünaslığımızın qarşısında olub. Ədəbiyyata taleyi kimi baxan Şeyxzadə
elmdən, yaradıcılıqdan bir an belə geri çəkilmədi. O, özünəməxsus nəfis şeirlər
yaratmaqla yanaşı, əsərlər də tərcümə edib. Şekspir, Nizami, Babur, A.N.Radişşev,
M.Y.Lermontov, A.Çexov, M.Qorki, V.Mayakovski, M.F.Axundov, A.Barbüs kimi
dünya, rus, özbək, Azərbaycan ədəbiyyatının klassik simaları haqqında mətbuatda
analitik məqalələr dərc etdirmişdir: “Nəvaidə qadın obrazı”, “Nəvai – dövrünün ən
mədəni şəxsiyyəti”, “Nəvai – vətənpərvər”, “Nəvai və gənclik”, “Babur və Nəvai”,
“Elm və maarifçiliyin şövqlü xanəndəsi”, “Böyük şair”, “Nəvai yaradıcılığında folklor
motivləri” kimi məqalələr. Bu tədqiqatların bir neçəsinin qısa məzmununa nəzər
salmaq maraqlı olardı:

“Qəzəl mülkünün sultanı” – Nəvai öz böyük epik əsərlərini yazmağa (1480-ci
illər) başlamazdan əvvəl, Heratda mahir qəzəlnəvis kimi məşhur idi və hətta onun bəzi
qəzəl-müstəzadları Rumda, İranda, Türküstanda oxunub, xalq arasında geniş
yayılmışdı. Ədəbiyyatda ən çox qəzəl yaradan liriklərdən biri olan Əlişir Nəvai dörd
divanı təşkil edən lirik əsərlərində (90 faizi qəzəldir) heç bir vəziyyətə uyğunlaşmaq,
yaltaqlanmaq, dünyəvi şəxslərə təzim etmək kimi hallara rast gəlməzsiniz. Nəvai qəzəli
vicdan borcu kimi qəbul etdiyinə və cəmiyyətə yönəldiyinə görə, oradakı ən həssas və
ən şəxsi duyğuların altında həqiqi və məntiqi bir hadisə dayanır.

“Əlişir Nəvainin yaradıcılığında folklor motivləri” – tədqiqatında qeyd edir ki,
Nəvai yaradıcılığında yalnız yüksək bədii-estetik dəyərə malik klassik poeziya
nümunələri ilə məhdudlaşmır, o, həm də xalqın ruhunu, arzularını və düşüncələrini
özündə əks etdirən bir sənət abidəsidir. Onun poeziyasında xalq nağıllarının süjetləri,
atalar sözləri, məsəllər, mahnılar, laparlardan istifadə edilməsi bu fikri bir daha sübut
edir. Eyni zamanda, Nəvainin bədii üslubunun formalaşmasında folklorun rolunu
vurğulayır. Burada “Fərhad və Şirin”, “Səbai-Səyyar”, “Məhbubul-qülub” və digər
əsərlərində xalq atalar sözlərindən, məsəllərdən və ritmik ifadələrdən necə istifadə
etdiyi təhlil olunur.

“Nəvai və gənclik” – Nəvainin yalnız gənclik anlayışını deyil, həm də
ümumilikdə, onun yaradıcılığının insanlıq üçün nə qədər dəyərli olduğunu göstərir.
Nəvai öz dövrünün çətinliklərinə baxmayaraq, gənclik vasitəsilə gələcəyə inamı,
mübarizə əzmini və ümidləri ilə oxucusuna sönməz bir enerji və ilham bəxş edir.
Nəvainin gənclərə qarşı dərin rəğbətini, onların cəmiyyətin əsas dayağı olduğunu
vurğulayaraq ifadə edir. “Xəmsə”dəki qəhrəmanların həyatları, onların məhəbbət
uğrundakı mübarizəsi, elmi və fiziki fəaliyyətləri Nəvainin gəncliyi necə dərin bir
anlayışla təhlil etdiyini göstərir. O, həm romantik hissləri, həm də həyatın real
çətinliklərini bədii şəkildə təsvir edir, bu da gənclərin həyatını bütün reallığı ilə əks
etdirir.

“Nəvainin Səmərqənddə keçirdiyi günlər” – gənclik illəri onun çətinliklər və
intellektual zənginlik dolu bir dövrü kimi təsvir edilir. Əbu Səid Mirzənin əmri ilə
sürgün edilərək Səmərqəndə gələn Nəvai, burada Əhməd Hacibek və Dərviş
Məhəmməd Tərxan kimi şəxslərin dəstəyi ilə intel-lektual və ədəbi fəaliyyətini davam
etdirir. Şair və alimlərlə sıx əlaqələr quraraq onların düşüncələrinə və yaradıcılığına
təsir edir. Səmərqənddə keçirdiyi bu illər onun yaradıcılığına dərin təsir göstərmişdir.
Hüseyn Mirzə Bayqaranın hakimiyyətə gəlməsi ilə Nəvai Herata qayıdır və daha geniş
siyasi və yaradıcılıq imkanlarına malik olur.

“Babur və Nəvai” – məqalə Baburun böyük Navoiy məktəbinin davamçısı
olduğunu, onun təsiri ilə şair kimi yetkinləşdiyini və Nəvai irsini ədəbi yaradıcılığında
yaşatdığını vurğulayır. Baburun bu təsir altında vətənə olan bağlılığı və dostluq,
səmimiyyət mövzularını davam etdirməsi, onun Nəvainin ideyalarını sadə və lirik bir
üslubda yaşatması ilə izah olunur.

“Nəvai yaradıcılığında qadın obrazı” –gələcəyin mükəmməl, hər cəhətdən
uyğun, ruhən-əqli-fiziki cəhətdən inkişaf etmiş qadınlarını tərənnüm edir. XV əsrdə
Nəvai yaşadığı mühitdə, Leyli və Şirinlərin müəyyən xüsusiyyətlərini, müəyyən
hadisələrini özündə canlandıran gözəl qadınlar yaşamışdır. Nəvai öz qadın obrazı ilə
cəmiyyət qarşısında əhəmiyyətli bir sosial problem qoyur. Şairin əsərlərindəki qadın
obrazlarının çoxunda aşağıdakı xüsusiyyətləri gördük: Misilsiz gözəllik (fiziki cəhət);
Dərin ağıl – zəkalıq (ağıllı cəhət); Elm və maarif (mədəni cəhət); Dövlət və ölkə
işlərində aktiv iştirak (sosial cəhət); Müharibə və mübarizədə cəsarət (cəsarət cəhəti).
Beləliklə, Nəvai öz obrazlarını bu cür xarakterizə etməklə açıq bir nəticəyə gəlməyə
çalışır: o, qadınların kişilər qədər qabiliyyətli olduğunu sübut edir, bunların da ailə,
dövlət və mədəniyyətdə geniş hüquqlarla iştirak etməsi üçün mübarizə aparır. XV əsrdə
İslam ideologiyası bütün düşüncə həyatını monopoliyaya aldığı bir dövrdə bu tələb uca
cəsarət və nəciblikdən irəli gəlirdi.

“Təzkirəçilik tarixindən (Əlişir Nəvainin azərbaycanlı təzkirəçi şagirdi
haqqında)” – burisalə üzərində tədqiqat aparan Maqsud Şeyxzadə bütövlükdə
təzkirəçilik tarixini izləmiş, nəticədə bir elmi sənətin tarixinə işıq salmışdır.
Bütövlükdə, elmə məlum olan təzkirəçilik tarixindən bəhs edəndən sonra bizə Əlişir
Nəvainin təzkirəçilik məktəbini davam etdirən xələflərdən azərbaycanlı bir ədibdən və
onun əsərindən bəhs edir. Həmin şəxs – müəllif öz əsərlərinin külliyyatına yazdığı
müqəddimədə özünü Sadiqi Kitabdar adlandırdığı Sadiqbəy Sadiqidir. Təzkirəçi
müəllifin özünün də əsərində etiraf etdiyi kimi, onun adı Sadiqbəy, təxəllüsü Sadiqi və
vəzifəsinə görə ləqəbi “Kitabdar” olmuşdur.

“Dahi şair”–Nəvainin siyasi görüşləri; Nəvaidə humanizm; III Əlişir Nəvainin
yaradıcılığında qadın obrazı; “Xəmsə”də məhəbbət problemi; Nəvai öz dövrünü ən
mədəni kişisi; Nəvai və elm; Nəvaidə vətənpərvərlik və beynəlmiləlçilik; Nəvai və
gənclik; Nəvai və zəmanəmiz – adlı Nəvai haqqında doqquz tədqiqat işindən ibarətdir.

“Ustadın sənət ocağından” – “Klassik poeziyamızın poetikası haqqında”;
“Poetika – bəşəri arzuların xidmətində – Tənasüb” və “Təzad” kimi mükəmməl elminəzəri tədqiqatlarını təqdim edir.

“Heyrətul-əbrar” haqqında – Əlişir Nəvai qırx iki yaşında özünün ilk dastanını
qələmə aldı. O vaxta qədər Əlişir Nəvai Daşkənd və Səmərqənddən tutmuş Herat və
Məşhədə, Əndicandan Xivəyə qədər böyük bir şair kimi tanınırdı. Ancaq buna
baxmayaraq, “Xəmsə”yə başlamaq böyük cəsarət, öz gücünə inam, geniş məlumat,
zəngin həyat təcrübəsi və dayanmadan çalışma tələb edən tarixi və böyük bir iş idi.
Nizamidən sonra yüzə yaxın şair “Xəmsə” yazmağa çalışıbsa da, bunlardan yalnız bir
neçəsi məqsədinə çatıb.

Əbədiləşmiş dostlar” – Nəvainin şah əsəri olan “Xəmsə”dəki obrazlar sistemi yüzə
yaxın personajı özündə ehtiva edir. Bunlardan bir qismi əsas obrazlardır (qəhrəmanlar),
digər qismi isə ikinci dərəcəli, lakin aktiv obrazlardır. Üçüncü qisim isə üçüncü
dərəcəli obrazlardır (başqa sözlə, personajlar) və bir-iki cizgi ilə təsvir edilmiş passiv
obrazlardır. Romantik şairlərdə adətən olduğu kimi, bu obrazlar hər əsərin əvvəlində
iki qütbə bölünmüşdür: yaxşı (müsbət) və pis (mənfi) xarakterlər.

“Qərayibus-siğar” divani üzrə yazılmış“Nəvainin lirik qəhrəmanı haqqında” və
“Əlişir Nəvai lirikasının bəzi poetik üsulları haqqında” – tədqiqatlarında divanın
mükəmməl elmi təhlilini gorurük, oxuyuruq.

“Nəvainin qəzəllərindəki bir fəzilət haqqında” –Nəvai qəzəlinin əsas və birinci
xüsusiyyəti onun məntiqi quruluşu, bir məqamın digər məqamdan doğulmasıdır. Bu
çox vacib xüsusiyyətdir. Çünki bir çox qəzəl şairlərində şeir gözəl və ayrı-ayrı
misralardan ibarətdir və mexaniki quruluşuna görə oradakı misralar bir-birinin ardınca
əvəzlənərsə, oxucu bu dəyişikliyin fərqini hiss etməyə bilər. Bu mənada götürsək, bir
neçə qəzəl müəllifinin şeirlərində süjet yoxdur. Nəvaidə isə fikrin tamlığı, təsvir
zamanı yalnız subyektiv hisslərin cilvəsi deyil, obyektiv həyat ardıcıllığını gözləmək
Nəvaidə ən kiçik lirik şeirləri də məntiqi tellərlə birləşdirməyi tələb edir.

NƏTİCƏ. Demək olar ki, siyasi təhlükənin, mənəvi ölümün yaxınlaşdığı bir
dövrdə Nəvaini təbliğ etmək, dünya ədəbiyyatı xadimlərinin yaradıcılığını öyrənmək
üçün insanın qəlbi rahat olmalı idi.Şükürlər olsun ki, Şeyxzadənin Qafqaz dağları qədər
uca qüruru, Xəzər dənizi kimi geniş xasiyyəti var idi, ona görə də insani keyfiyyətlərinə
sadiq qaldı. Xüsusilə, 1941-ci ildə Nəvainin anadan olmasının 500 illiyinin qeyd

olunması onun yaradıcılığa və elmə olan həvəsini daha da artırıb. Lakin... 1941-ci ilin
22 iyununda başlayan müharibə Nəvainin anadan olmasını bir qədər gecikdirdi. Lakin
Şeyxzadənin qəlbindəki Nəvai isə həmişə onun yanında idi. Maqsud Şeyxzadənin həyatı
və yaradıcılığı mövzusunda Azərbaycanın xalq şairi – istiqlal şairi Xəlil Rza Ulutürk
doktorluq dissertasiyası yazmış, haqqında bir neçə kitab nəşr etdirmiş, əsərlərini
başdan-başa Azərbaycan dilinə çevirmişdir. Akademik Naim Kərimov “Maqsud
Şeyxzadə” (maarifi roman) adlı monoqrafiya yazmış və digər onlarla elmi-tədqiqat
əsərləri yazılmışdır. Anadan olmasının 100, 115 illiyi münasibətilə Daşkənddə və
Bakıda beynəlxalq elmi konfranslar keçirilmiş, konfrans materialları nəşr edilmişdi1.

ƏDƏBİYYAT
1. Шайхзода, Мақсуд. Ғазал мулкининг султони // Асарлар. Oлти томлик: IV
том (Алишер Навоий ҳақидаги тадқиқот ва мақолалар мажмуаси). – Тошкент:
Ғафур Ғулом, 1972 // Редколлегия: Комил Яшин, Миртемир, Туроб Тўла, Озод
Шарафиддинов, Натан Маллаев.
2. Şeyxzadə, Maqsud. Təzkirəçilik tarixindən (Əlişir Nəvainin azərbaycanlı
təzkirəçi şagirdi haqqında) risalə (özbəkcədən azərbaycancaya tərcümə edən və ön söz
müəllifi, nəvaişünas Almaz Ülvi Binnətova). – Bakı, Füyuzat, 2025, 64 səh. (nəşrə
hazırlayan: Natan Mallayev (1972) və Almaz Ülvi Binnətova (2025).
3. Şeyxzadə, Maqsud. Qəzəl mülkünün sultanı (Əlişir Nəvainin yaradıcılığı) //
özbəkcədən azərbaycancaya tərcümə edən və ön söz müəllifi, nəvaişünas Almaz Ülvi
Binnətova. – Bakı, “Elm və təhsil”, 2025, 426 səh. (nəşrə hazırlayan: Natan Mallayev
(1972) və Almaz Ülvi Binnətova (2025).

1Ulutürk Xəlil Rza. Maqsud Şeyxzadənin bədii yaradıcılığı. – B., Elm, 1980, 143 s.; Ulutürk Xəlil Rza.
Maqsud Şeyxzadə. – B., “Bilik” cəmiyyəti, 1978. 68 s.; Ulutürk Xəlil Rza. Mən Şərqəm. – B., Elm, 1994,
768 s. ; Ulutürk Xəlil Rza. Turan çələngi. – B., Elm, 1992, 792s.; Ulutürk Xəlil Rza. Turan çələngi. – B,
Qaff -Poliqraf, 2005; Xəzri Nəbi. Mirzə Uluğbəy (M. Şeyxzadənin dramı Azərbaycan dilində). –
“Azərbaycan”, 1970, №5, s. 138-180; İbrahimov Mirzə. Sözün hikməti: M. Şeyxzadənin yaradıcılığı
haqqında. – “Ədəbiyyat və incəsənət”, 23 dekabr 1976; Mollayev Natan. Sənətkar unudulmur. (M.
Şeyxzadə yaradıcılığı haqqında). – Azərbaycan, 1969, №4, s.50-51. Rza Xəlil. Maqsud Şeyxzadə
(monoqrafiya). – B. , “Bilik”, 1978, 67 s.; Şeyxzadə Maqsud. Seçilmiş əsərləri. 2 cilddə. I cild. Şeirlər.
– B. , Azərnəşr, 1972. 266 s.; Şeyxzadə Maqsud. Seçilmiş əsərləri. 2 cilddə. II cild. Poema və pyeslər.
– B., Azərnəşr,1973. 284.; Şeyxzadə Maqsud. Əks – səda (ön söz Abbas Zamanov). – B., Yazıçı, 1979,
141 s. ; Teymur Maarif. Ədibin nadir fotoşəkilləri (M. Şeyxzadə haqqında). – “Bakı”, 13 iyun 1979; Ülvi
Almaz. Türk dünyasından səhifələr: görkəmli özbək şairləri. Qafur Qulam, Maqsud Şeyxzadə. – “Elm”,
30 oktyabr 2006; Ülvi Almaz. İki xalqın övladı. (M. Şeyxzadə –100) – “Xalq qəzeti”, 14 oktyabr 2008;
Ülvi Almaz. M.Şeyxzadə – iki xalqın oğlu. – “Azərbaycan və azərbaycanlılar” (AMEA Rəyasət heyəti),
2007, №1-4, s.158-172 (ingilis dilində); Ülvi Almaz. Maqsud Şeyxzadənin dramaturgiya yaradıcılığı.
“Elmi axtarışlar” (AMEA Folklor İnstitutu), XXXI, 2007, s. 156–160; Ülvi Almaz. Türk dünyasından
səhifələr - görkəmli özbək şairləri.- Maqsud Şeyxzadə, Zülfiyyə. – “Elm”, 19 dekabr 2006; Azərbaycan
- özbək (çağatay) ədəbi əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər). – Bakı, Qartal, 2008. 334 səh.
(Maqsud Şeyxzadə taleyi və yaradıcılığı 224-276); Naim Karimov. Maksud Shayxzoda / maarifiybioqrafik roman. – Toshkent, “Sharq” 2009, 400 бет.; Almaz Ülvi Binnətova. Özbək ədəbiyyatı (ədəbi
portret cizgiləri, araşdırmalar, müsahibələr, yol qeydləri). – Bakı, “Elm və təhsil”,2016, 314 səh.; İki
xalqın oğlu. Maqsud Şeyxzadə. Anadan olmasının 110 illiyi münasibətilə. Məruzələr, məqalələr və
fotolar toplusu. – Bakı: Elm və təhsil , 2019. – 400 s. + illüstrasiyalar; Prof.Dr.Almaz Ulvi, Dos.Umid
Bekmuhammad. “Maqsud Shayxzadə va uning “Jaloliddin Manguberdi” dramasi. publitsistik
ocherklar, drama / so‘zboshi mualliflari: A.Ulviy, U.Bekmuhammad. – Urganch: Ogahiy, 2023. –
176 b. (B. 9-20). və sair onlarla kitablar, məqalələr.